HOME - Mobil Marketinq
Mobil Marketinq
Mobil marketinq – məhsul və xidmətlərin mobil qurğular, smartfon və planşetlər vasitəsi ilə önə çıxarılması həyata keçirən kompleks marketinq prosesidir.
Mobil marketinqdə müasir mobil texnologiyalar istifadə olunur. Bu texnologiyalar: istifadəçinin məkanının müəyyən olunması, hansı şəbəkənin istifadə etməsi, kamera və səs məlumatları və s. aid edilir.
Yuxarıda qeyd olunan və digər məlumatlar (davranış əsasında toplanan) hesabına mobil marketinqdə istifadəçi üçün fərdiləşdirilmiş təkliflərin hazırlanması həyata keçirilir.
Mobil marketinq necə işləyir?
Buraya əsasən reklam kampaniyaları haqqında göndərilən SMS, MMS mesajları, mobil tətbiq üzərindən göndərilən push bildirişlər, in-game və ya in-app marketinq, mobil veb sayt bildirişləri, QR kodların skan olunması, wi-fi texnologiyası və müəyyən ərazidə aktiv olan şəbəkə üzərindən göndərilən bildirişlər aid edilir.
Mobil marketinq smartfonların və daim internetə qoşulu olmaq ehtiyacının artması ilə hər kateqoriyaya aid olan bizneslərin əvəzolunmaz alətinə çevrilmişdir. Bu bazarın əsas oyunçuları brendlər (öz xidmət və məhsulunu reklam edənlər) və yayımçılardır (reklamların yayım texnologiya və üsullarını təklif edənlər). Burada yayımlanan reklamlar demoqrafik məlumatlardan savayı daha çox istifadəçi davranışlarına əsasən müəyyənləşdirilmiş hədəf kütlə üzrə istiqamətlənir.
Mobil marketinqdə istifadə olunan terminlərdən biri “snacking”dir. Bu özündə istifadəçinin anlıq olaraq öz ehtiyacını təmin etmək üçün informasiya mübadiləsini nəzərdə tutur. Bu proseslər marketoloqlar üçün istifadəçi ilə təmas nöqtələrinin çoxluğuna səbəb olur.
Mobil marketinqdə istifadəçinin istifadə etdiyi qurğu böyük əhəmiyyət kəsb edir. Qurğunun əsas xüsusiyyətlərindən biri də onun ekran ölçüsü və əməliyyat sistemidir. Android smartfon ilə iOS iPad istifadəçisi eyni kontentə fərqli reaksiya göstərir.
Android smartfon istifadəçiləri daha aktual informasiyaya önəm verdiyi halda iPad istifadəçiləri daha çox vizuallarla zəngin və interaktiv kontentlərə önəm verir.
Mobil Marketinqin üstünlükləri
Mobil marketinq rəqəmsal marketinqin digər hissələrinə nəzərən olduqca asan istifadə oluna bilir. Bunun üçün xüsusi texnologiyaya və biliyə ehtiyac yoxdur, rəqəmsal marketinqin ilkin bilikləri kifayət edir. Təbii ki, dateallı işlər (nümunə: biznes üçün mobil tətbiq hazırlanmasında, istifadəçi davranışlarına əsasən loyallıq səviyyəsinin artırılması və s.) əməliyyatlar üçün kifayət qədər bilikli olmaq lazımdır.
Müştəri ilə məkan və zamandan asılı olmadan qarşılıqlı əlaqə yaratmaq mümkündür. Tv və radio kimi ənənəvi marketinq kanalları istifadəçinin məhz qurğu açıq olduğu zaman birtərəfli əlaqə yaratmasını nəzərə alsaq, mobil marketinq bu xüsusiyyəti ilə çox üstündür.
Mobil marketinq aşağı büdcə tələb edir. Hətta biznes öz məhsul və xidmətlərini təklif etmək üçün mobil tətbiqi bazara təqdim edirsə, müəyyən müddət sonra push kimi bildirişlərin göndərilməsi xərc tələb etmir.
Mobil Marketinqin mənfi tərəfləri
İnformasiya təhlükəsizliyi. Mobil tətbiqlər istifadəçilər haqqında məlumatların toplanmasını həyata keçirir. Bu məlumatlar isə biznesə məxsus məlumat bazalarında toplanır. Toplanmış məlumatlar yetərincə qorunmalıdır. Kiber hücumlar zamanı bu məlumatların digər şəxslərə keçməsi və şəxsi məqsədlər üçün istifadə olunması böyük riskdir.
İstifadəçinin əlavə xərcinə səbəb ola bilər. Marketoloqlar tərəfindən göndərilmiş video məlumat və digər ağır həcmli informasiya istifadəçinin internet paketinin böyük hissəsinin sərf olunmasına səbəb olur. Digər tərəfdən böyük həcimli mobil tətbiqlər ümumiyyətlə istifadəçi tərəfindən yüklənilməyə bilər.
Mobil marketinq planı ideala yaxın olmalıdır. İstifadəçinin diqqətini çəkmək üçün sözün əsl mənasında brendlər bir-biri ilə mübarizə aparır. İdeala yaxın olmayan planla hərəkət edilərsə rəqib tərəfindən edilən təkliflər istifadəçi üçün daha maraqlı ola bilər. Bu isə yekun olaraq istifadəçi itkisinə, itirilmiş istifadəçinin geri qazanılması üçün isə əlavə xərcə səbəb olur.